Səs nədir..?

image-1

Səs — geniş anlamda məkanda düz xətt üzrə yayılaraq mexaniki sədd yaradan elastik dalğalardır. Digər anlamda isə heyvan və insanların xüsusi orqanları tərəfindən subyektiv qəbul edilən xüsusi hisslərdir. Səs bütün dalğalar kimi amplituda və tezliklərə malikdir. Hesab edilir ki, insan 16 hersdən 20 kilohersə qədər diapozonda səslər eşidir. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 qeqahersdən yuxarı səsə isə hipersəs deyilir. Səs yalnız hansısa mühitdə deyil, həmçinin havada, suda, dəmirdə dalğalar şəklində yayılan mexaniki hadisədir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir. 

Səsi eşitməyimiz üçün səs mənbəyi saniyədə azı 20 rəqsi hərəkət etməli, yaxud 20 hers (hs) tezliyə malik olmalıdır. Bu, çox alçaq səs sayılır. Rəqs tezliyi nə qədər çox olsa, səs bir o qədər gur çıxır. Arıların qanadları saniyədə 200 rəqsi hərəkət edir, buna görə də tezliyi 200 hs olan səs eşidirik. Ağcaqanadın vızıltısının səsi daha ucadır, çünki ağcaqanad qanadlarını 500 hs tezliklə yellədir. Eşitmənin yuxarı həddi var. 20 min hersdən gur olan səsləri eşitmirik, çünki qulaqlarımızın pərdəsi bu cür tezliklə hərəkət etmək iqtidarında deyil.

 

Səs mənbəyinin rəqsinin amplitudası ilə müəyyən olunan gurluq desibellə (dB) ölçülür.  Eşitdiyimiz ən zəif səs 10 dB-dir.  Bu, budaqdan qopub yerə düşən yarpağın səsidir. Pıçıltı 30 dB, qışqırıq 70 dB, göy gurultusu 100 dB-dir. 130 dB-dən gur səslər qulaqda ağrı və baş gicəllənməsi  əmələ gətirir. Çünki qulaqdakı səslər sinir impulslarına çevrilir və səs siniri ilə beyinə ötürülür. Buna görə gur musiqidən başımız ağrıyır.

Dediyimiz kimi, müxtəlif mühitlərdə səs müxtəlifdir. Səs haqqında elm akustika adlanır. Akustika yunan sözü olub, mənası eşitmə deməkdir. Bəzən səslərin hər hansı məkanda   yayılmasını da akustika adlandırırlar.

Eşidilən səslərdən başqa eşidilməyən səslər də vardır. Rəqs tezliyi 20 hs-dən aşağı olan səs infrasəs adlanır. Biz, əslində, infrasəslər dünyasında yaşayırıq, belə səslər bizi hər yerdə müşayiət edir: məsələn, küləyin binalara, ağaclara, teleqraf dirəklərinə təsir göstərdiyi vaxt, insanların və heyvanların hərəkəti zamanı olan səslərdir. Rəqs tezliyi təqribən 7 hs olan infrasəslər bəzən yorğunluq və narahatlıq əmələ gətirir.

Tezliyi 20 min hs-dən çox olan eşidilməyən səs ultrasəs adlanır. Ultrasəs çıxarmağa qadir olan yarasalar bu səslərin maneələrə dəyib qayıdan əks-sədasını qəbul edir və bunun sayəsində obyektə qədər olan məsafəni təyin edir. Ultrasəs təbabətdə və texnikada geniş tətbiq olunur. Həkimlər diaqnoz qoymaq üçün ultrasəsdən istifadə edirlər. Fəhlələr ultrasəsin köməyi ilə metal kəsir və qaynaq edir, metal konstruksiyalarda gözlə görünməyən çatları aşkar edirlər. 

 

Baxılıb

2266

Tarix

19.03.2020